Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün Əlavə Maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsi üzrə audit predmetlərinin müəyyən edilmiş meyarlar ilə müqayisədə bir sıra əhəmiyyətli uyğunsuzluq halları müşahidə edilir.
Eləcə də bax:Azərbaycanda hər 100 şirkətdən yalnız 8-i - AUDİTDƏN KEÇİR
FED.az bu barədə 2017-ci il 1 yanvar tarixindən 2019-cu il 1 iyul tarixinə kimi olan dövr üçün auditor hesabatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, layihənin icrasına ayrılan kredit və dövlət büdcəsi vəsaitlərinin həcmi institusional sənədlərə uyğun olmayıb.
"Belə ki, ƏDV ödənişlərinə yönəldilməli olan Azərbaycan tərəfinin payının maliyyələşdirilməsində ləngimə, məhdudlaşdırma və dayandırmalar nəticəsində Dünya Bankının kredit vəsaitləri üzrə xərcləmələrə dair Layihənin xərc smetası, ümumi maliyyə və satınalma planları, habelə illik büdcələrinə riayət olunmayıb, Layihənin icrasında fasilə və gecikmələr başlanıb və davam edib.
Kredit Sazişinin 2.04-cü bəndinə əsasən, kreditin istifadə olunmamış qalığına tətbiq olunan illik 0,25% öhdəlik haqqı üzrə Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclərdən 2017-ci ildə 159 565,24 ABŞ dolları, 2018-ci ildə 146 747,73 ABŞ dolları, 2019-cu ilin birinci yarım ilində 72 377,34 ABŞ dolları, ümumilikdə 378 690,31 ABŞ dolları məbləğində faiz ödənişləri həyata keçirilib ki, təqribi hesablamalara görə bunun 59 787,32 ABŞ dolları kreditin smeta üzrə nəzərdə tutulmuş qalığından artıq məbləğinə hesablanmış öhdəlik haqqı ödənişlərindən ibarət olub", - hesabatda deyilir.
Bildirilir ki, layihə üzrə satınalmaların təşkili və həyata keçirilməsində müəyyən edilmiş qaydaların ayrı-ayrı tələb və normalarına tam riayət olunmayıb: “Layihə üzrə satınalmalar üzrə Tender Komissiyalarının yaradılması haqqında əmrlərdə komissiya üzvlərinin ad və soyadları göstərilməyərək yalnız vəzifələri göstərilib, bununla da müvafiq normaya riayət olunmayıb”.
Layihə üzrə keçirilən satınalmalar zamanı təsdiq olunmuş ehtimal olunan qiymətlərin düzgün hesablanmaması və ya tam əsaslandırılmadan müəyyənləşdirilməsi səbəbindən bağlanmış satınalma müqavilələrinin məbləğlərinə 2017-ci ildə 7 halda, 2018-ci ildə isə 1 halda Dünya Bankı sonradan məlumatlandırılmaqla əlavələr edilib, 2017-ci ildə Dünya Bankı sonradan məlumatlandırılmaqla 2 müqavilə, Dünya Bankının razılığı alınmaqla 1 müqavilə ehtimal olunan qiymətlərdən artıq məbləğlərə bağlanıb. (Apa)