Azərbaycanda şirkətlərin audit yoxlamasından keçməsi səviyyəsi əvvəlki kimi aşağı olaraq qalır. Maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, eləcə də qanunla məcburi auditdən keçməli olan şirkətlər də bir çox hallarda qanuna əməl etmirlər.
Eləcə də bax: Azərbaycanda auditorların reytinqi - AÇIQLANIB - TAM SİYAHI
FED.az xəbər verir ki, bu barədə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə məcburi auditdən keçməli olan 46 min 282 şirkətdən yalnız 3745-i məcburi auditdən keçib ki, bu da 8,1 faiz təşkil edir. «MMC-lər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim etməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır».
Məsələn, 2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib: «Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulub. Beynəlxalq praktikadan fərqli olaraq ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb»-deyə icraçı direktor bildirib.
İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır. Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin mövcudluğuna gətirib çıxarır.
Auditorlar Palatasının icraçı direktoru onu da deyib ki, bu günlərdə fəaliyyəti geniş müzakirə obyektinə çevrilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) üzə çıxarılmış maliyyə pozuntularının olmasının bir səbəbi də fondun qanunvericiliyin tələblərinə baxmayaraq (Qanun bütün fondların məcburi auditdən keçməsini tələb edir) öz fəaliyyəti dövründə bir dəfə də olsun auditor yoxlamasından keçməməsi və maliyyə nəticələrinin ictimailəşmədən yayınması olub.
İcraçı direktor deyib: “Auditorlar Palatası məcburi auditdən keçməklə əlaqədar müvafiq qurumların rəhbərlərinə, kütləvi informasiya vasitələrinə, iqtisadi ekspertlərə bir daha öz təşəkkürünü bildirməklə bərabər bir daha iqtisadi subyektlərin rəhbərlərinin nəzərinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlidirlər.