Dünya Bankı Azərbaycanda 52 layihə üçün 4 milyard dollardan yuxarı məbləğdə dövlət krediti ayırıb.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.
"Dünya Bankı Azərbaycanın müstəqilliyinin ilk illərində islahatların aparılmasında bizim əsas tərəfdaşlarımızdan biri olub. Azərbaycan Respublikası ilə Dünya Bankı arasında 30 ildən çox davam edən uğurlu əməkdaşlıq çərçivəsində bank Azərbaycana ümumi dəyəri 4 milyard ABŞ dollarından çox olan 52 layihə üçün 49 tamamlanmış və 3 icrası davam edən dövlət krediti ayırıb.
Bundan başqa, müxtəlif istiqamətlər üzrə qrant layihələri üçün ümumi dəyəri 30 milyon ABŞ dollarından çox olan 115-dən çox texniki yardım layihəsi ayrılıb. Dünya Bankının maliyyə dəstəyi ilə nəqliyyat, sosial müdafiə, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ekologiya, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda 2025-2028-ci illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi (CPF) hazırlanır. (Trend)