Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı 2024-2026-cı illər üzrə proqnozlarını açıqlayıb.
Dünya Bankı ilə AZURE layihəsinin icrasının sürətləndirilməsi müzakirə edilib
Dünya Bankı: Azərbaycanda enerji istehlakının 55%-i binaların payına düşür
FED.az xəbər verir ki, qurumun Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair açıqladığı «Özəl sektorun gücünün açılması» (Unleashing the power of the private sector) adlı hesabatında bildirilir ki, Dünya Bankı 2024-cü ildə Azərbaycanda 2,3%, 2025-ci və 2026-cı illərdə isə 2,4% iqtisadi artım gözləyir.
Xatırladaq ki, bundan əvvəlki hesabatda Dünya Bankının iqtisadi artım proqnozu indikilərdən 0,1% daha yüksək idi.
Hesabatda deyilir ki, Cənubi Qafqazda Ermənistan və Gürcüstan iqtisadi artım templəri yavaşlasa da, Avropa və Mərkəzi Asiya regionunda ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında qalıb. Azərbaycanda isə 2022-ci ildəki 4,6% artımdan sonra, 2023-də artım templəri kəskin şəkildə azalaraq 1,1-ə düşüb. Azalmaya səbəb neft hasilatının azalması olub.
2024-cü ildə isə, hesabata əsasən, iqtisadi artımın əsasını qeyri-neft sektoru təşkil edəcək – Dünya Bankı bu sahədə 4% artım gözləyir.
Hesabata əsasən Azərbaycanda iqtisadi artımı neft gəlirləri hesabına investisiya dəstəyi, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə və dövlətin biznes fəaliyyətində iştirakının azaldılmasına yönəlmiş struktur islahatları təmin edəcək.
«Bu ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak tələbində artımın sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır» - deyə bildirilir.
Dünya Bankı qarşıdakı illərdə Azərbayanda neft hasilatının azalacağını gözləsə də, qeyd edir ki, yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar olaraq xam neft hasilatının azalma sürəti zəifləyəcək.
Hesabata əsasən 2024-2026-cı illərdə kənd təsərrüfatında 3%, sənaye sektorunda 0,2%, xidmət sektorunda 5,3% artım gözlənilir.
Xatırladaq ki, 2023-cü ildə kənd təsərrüfatında 3,2%, sənayedə 0,9%, xidmət sektorunda isə 3,8% artım olmuşdu.
Dünya Bankı ölkə iqtisadiyyatına yatırımlar 2024-cü ildə 5,4%, 2025-ci ildə 3,9%, 2026-cı ildə isə 3,5% artacaq. 2023-cü ildə bu rəqəm 9,6% təşkil etmişdi.