2021-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib.
Eləcə də bax: Maliyyə Nazirliyində kollegiya iclası - KEÇİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bunu bu gün Maliyyə Nazirliyinin Kollegiya iclasında maliyyə nazirinin müavini Azər Bayramov ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri barədə məlumat verərkən bildirib.
Belə ki, operativ məlumatlara əsasən, 2021-ci ildə icmal büdcənin gəlirləri 33 milyard 904 milyon manat və ya proqnoza qarşı 42.3 faiz çox – 10 milyard 76 milyon manat olub. İcmal büdcənin xərcləri 29 milyard 991 milyon manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 830 milyon manat və ya 2,8 faiz çoxdur. İcmal büdcədə 7 milyard 335 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 913 milyon manat profisit yaranıb.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri isə 26 milyard 396 milyon manat və ya 103,8 faiz icra olunub ki, bu da 2020-ci illə müqayisədə 1 milyard 715 milyon manat və ya 6,9 faiz çoxdur.
2021-ci il üçün dövlət büdcəsinin xərcləri 27 milyard 422 milyon manat və ya 96,1 faiz səviyyəsində icra olunmuşdur ki, bu da 2020-ci illə müqayisədə 1 milyard manat və ya 3,8 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri 1 milyard 26 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan kəsirdən 2 milyard 90 milyon manat və ya 67,1 faiz azdır. A.Bayramov bildirib ki, kəsirin proqnoza qarşı daralmasına ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icrası hesabına nail olunub. Beləki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 8 milyard 529 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza qarşı 1 milyard 279 milyon manat və ya 17,6 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 11,4 faiz çox – 4 milyard 343 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza qarşı 443 milyon manat artıqdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12 milyard 200 milyon manat məbləğində transfertə qarşı 11 milyard 350 milyon manat transfert edilib.