Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev «Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi QAYDASI»nı təsdiqləyib.
FED.az xəbər verir ki, qaydaya əsasən DSMF-nin vəsaitləri
1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
4. qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;
5. banklarda yerləşdirilən depozitlərə yatırıla bilər.
Eyni zamanda qaydaya görə, DSMF-nin bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalıdır. Eləcə də banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizindən artıq olmamalıdır.
Qaydalarda banklarla bağlı da tələb var. Sənədə əsasən, Fondun depozitləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara yatırıla bilər.
Artıq bu bankların siyahısı məlumdur.
FED.az RENKİNQ xəbər verir ki, 2022-ci ilin nəticələrinə görə, ölkədə aktivlərinin həcminə görə ilk 5-likdə yer alan banklar Azərbaycan Beynəlxalq Bankı (ABB) , «Paşa Bank», «Kapital Bank», «Xalq Bank» və «Bank Respublika»dır.
Azərbaycan Beynəlxalq Bankı (ABB) – 14 339 milyon manat
«Paşa Bank» - 8 520 milyon manat
«Kapital Bank» - 7 822 milyon manat
«Xalq Bank» - 2 685 milyon manat
«Bank Respublika» - 1 585 milyon manat aktivlərə malikdir.