Xəbər verildiyi kimi, Hesablama Palatası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi Şəxsində yoxlamalar aparıb. 2023-2024-cü illəri əhatə edən yoxlamada irili-xırdalı çoxsaylı pozuntular aşkra edilib.
FED.az xəbər verir ki, yoxlama zamanı sözügedən qurumun Palatanın sorğusuna cavab olaraq saxta, yəni geri tarixə yazılmış arayış təqdim edildiyi də məlum olub.
Söhbət Agentliyin mühasibatlıq xidmətləri göstərilməsi məqsədilə bağladığı müqavilədən gedir. Hesablama Palatasının hesabatında deyilir ki, Agentlikilə müvafiq təchizatçı arasında 28.11.2023-cü il tarixdə “Daxili Audit, maliyyə analizi, mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında” 4 300 manat dəyərində xidməti müqavilə bağlanılıb və bu müqavilənin 31.03.2024-cü il tarixədək qüvvədə qaldığı göstərilib.
Bu müqavilə üzrə Sifarişçi tərəf, yəni Agentlik müqavilənin dəyərini ödəsə də, lakin qarşı tərəfdən Müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətlərin heç birinin icra edilmədiyi müşahidə edilib.
Bu hal Hesablama Palatasının audit qrupunu maraqlandırıb.
Audit qrupu bu vəziyyətlə bağlı yekun aktı tələb edildikdə, Agentlik Palataya sonradan hazırlandığını deməyə əsas verən arayış təqdim edib.
«Belə ki, qeyri-peşəkar hazırlanmış arayışın ikinci səhifəsində monitorinqin bitmə tarixindən 8 ay sonra verilmiş Ali Məclisin Sədrinin sərəncamı xüsusi qeyd kimi göstərilmiş, həmçinin “Nəticə” hissəsində “Milli Mühasibat Uçotu Standartlarına” uyğun maliyyə hesabatlarının tərtib edilməsi tövsiyyə edilmişdir ki, bu standart da 25.12.2018-ci ildən öz qüvvəsini itirmişdir»-deyə Palatanın hesabatında deyilir.