Azərbaycan Respublikası Prezidentinin imzalaması üçün təqdim edilən fərman layihəsinə əsasən, Dövlət Neft Fondunun 2026-cı il üçün büdcəsi müəyyənləşdirilib.
Fərman layihəsi beş maddədən ibarət olmaqla tərtib olunub. Layihənin birinci maddəsində Fondun 2026-cı il üçün büdcə gəlirləri 13 milyard 032,3 milyon manat, büdcə xərcləri isə 13 milyard 016,0 milyon manat həcmində təsdiqlənib.
İkinci maddədə Dövlət Neft Fondunun gəlirlərinin formalaşma mənbələri göstərilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, üçüncü maddədə Fondun xərclərinin əsas istiqamətləri, dördüncü maddədə isə vəsaitlərin istifadəsinin prioritet istiqamətləri (proqramlar) və Fondun 2026-cı il üçün investisiya siyasəti əks olunub.
Fərman layihəsinin beşinci maddəsi ilə Dövlət Neft Fondunun 2026-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihəsi təsdiqə təqdim edilib.
2024-cü ildə Fondun gəlirləri 18 milyard 039 milyon manat, xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib. Hesabat dövründə büdcə 5 milyard 142,6 milyon manat profisitlə icra olunub.
2025-ci il üzrə gözlənilən göstəricilərə görə, Dövlət Neft Fondunun gəlirlərinin 14 milyard 071,2 milyon manat, xərclərinin isə 14 milyard 638,7 milyon manat olacağı proqnozlaşdırılır. Bu dövrdə Fondun büdcəsində 567,5 milyon manat kəsir yaranacağı gözlənilir.
2026-cı il üzrə proqnozlara əsasən isə Fondun gəlirləri 13 milyard 032,3 milyon manat, xərcləri 13 milyard 016,0 milyon manat səviyyəsində nəzərdə tutulub. Nəticədə büdcənin 16,3 milyon manat profisitlə icra ediləcəyi proqnozlaşdırılır.
Açıqlanan rəqəmlər göstərir ki, 2024-cü ildə yüksək profisit əldə olunsa da, 2025-ci ildə büdcə balansında mənfi fərq gözlənilir, 2026-cı ildə isə Dövlət Neft Fondunun maliyyə göstəricilərinin demək olar ki, tarazlı səviyyədə formalaşacağı planlaşdırılır.










