Cari ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur.
Maliyyə Nazirliyindən FED.az-a bildirilib ki, hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27,0 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.
Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.
2024-cü ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532,0 milyon manat və ya 14,2 faiz, gömrük orqanlarının xətti ilə 102,9 milyon manat və ya 7,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2,0 milyon manat və ya 27,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52,3 milyon manat və ya 23,2 faiz çox icra edilib.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1619,3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,3 milyon manat və ya 16,5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16,6 milyon manat və ya 6,3 faiz çox, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 617,8 milyon manat və ya 12,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75,1 milyon manat və ya 4,9 faiz az icra edilib.