2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi elə icra edilib ki, büdcəyə Neft Fondundan ayrılması nəzərdə tutulan vəsaitin bir hissəsinin ayrılmasına ehtiyac qalmayıb.
İlham Əliyevin keçirdiyi müşavirənin - TAM MƏTNİ
FED.az xəbər verir ki, aprelin 12-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə büdcənin icrası ilə bağlı vəziyyəti açıqlayan maliyyə naziri Samir Şərifov bildirib ki, birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib.
Dövlət büdcəsinin iki əsas mənbəyi – Vergi və gömrük sahəsindən yığımlar proqnozu ciddi şəkildə üstələyib. Belə ki, Dövlət Vergi Xidməti proqnozlan 539 milyon manat və yaxud 23,8 faiz artıq, Dövlət Gömrük Komitəsi isə proqnozdan 236 milyon manat və yaxud 23,7 faiz artıq vəsait toplayıb.
Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdə də artım var – birinci rübdə sosial sığorta haqları üzrə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat toplanıb.
Samir Şərifov qeyd edib ki, Dövlət Vergi Xidmətinin proqrozdan artıq topladığı vəsaitin böyük hissəsi, yəni 90%-ə yaxını qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır: «Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir» -deyə nazir bildirib.
Büdcənin yığımları ilə bağlı vəziyyət imkan verib ki, Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan 3 milyard 180 milyon manata qarşı cəmi 2 milyard 757 milyon manat köçürülsün, yəni fondun vəsaitlərinin 423 milyon manatına qənaət edilib.
Büdcənin gəlirləri ilə yanaşı, xərcləri də yüksək icra edilib: «Adətən birinci rüb üzrə büdcənin xərclərinin icrası o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faiz olmuşdur. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır».
Büdcənin gəlirləri elə yüksək olub ki, hətta Neft Fondundan vəsaitlər tam köçürülməsə də, və xərclər yüksək icra edilsə də, büdcədə böyük məbləğdə artıq vəsait toplanıb: «Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir»-deyə maliyyə naziri bildirib.