Maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirak edib.
Eləcə də bax: Milli Məclisin komitə iclasında büdcə zərfinə dair qanun layihələri - MÜZAKİRƏ EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, nazir millət vəkillərinin qaldırdığı məsələlərlə bağlı ətraflı izahat verib.
Dövlət satınalmaları ilə bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Dövlət büdcəsi gəlirlərinin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən S.Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. O, həmçinin avtomobil parkının yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyini bildirib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verib.
Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib. Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan S.Şərifov bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.