Azərbaycanda banklardan dollar alınmasının çətinləşdirilməsi Mərkəzi Bankın bu barədə qərarı və tapşırığı ilə əlaqədar deyil. Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, vətəndaşların Dollar alışını banklar çətinləşdirib, məqsəd “qara bazara” xidmət edən hərəkətləri aşkar etməkdir.
Eləcə də bax: "Banklara dollar satışı ilə bağlı məhdudiyyət qoymamışıq" - ELMAN RÜSTƏMOV
FED.az xəbər verir ki, bu sözləri bu gün baş direktor Toğrul Əliyev Mərkəzi Bankda mətbuat konfransında deyib.
Toğrul Əliyev bildirib ki, dollar alışına limitin tətbiq edilməsi, bununla əlaqədar elektron sistemin yaradılması Mərkəzi Bankın addımı deyil:
“Qanunvericiliyin tələbinə uyğun olaraq banklar tərəfindən aparılan əməliyyatların mahiyyət, məqsədi və s barədə tələblər mövcuddur. Eyni zamanda, banklar daxili nəzarət sistemlərini, risklərin idarə edilməsi sistemlərini formalaşdırmalıdırlar. Sizin qeyd etdiyiniz məqamlar bankların daxili nəzarət sistemlərindən irəli gələn məsələlərdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nağd əməliyyatlar barədə Mərkəzi Banka məlumatların təqdim edilməsi tələbi mövcuddur. Valyuta əməliyyatları ilə bağlı da banklar öz daxili nəzarət sistemlərindən irəli gələrək müvafiq tədbirləri görməlidirlər. Bundan başqa tələb mövcud deyildir”.
Toğrul Əliyevin sözlərinə görə, nağd valyuta əməliyyatları riskli əməliyyatlardır:
“Banklar daxili nəzarət sistemlərinə müvafiq olaraq xüsusi tədbirlər görürlər, həmin əməliyyatların mahiyyəti və məqsədi barədə məlumatları dəqiqləşdirirlər. Əgər hər hansı bir vətəndaş almaq istədiyi xarici valyuta üçün banka təqdim etdiyi manat vəsaitlərinin necə əldə olunması, məsələn, ev satışı, əməkhaqqı, depozit hesabından məxaric və s. sənədlər təqdim etdikdə məhdudiyyətsiz valyuta əməliyyatlarını apara bilərlər. Yəni, sadəcə olaraq banklar qanunvericiliyin tələbinə uyğun olaraq eyniləşdirmə, məqsədi və mahiyyəti barədə dəqiqləşmələr apardıqdan sonra bu əməliyyatları icra edirlər. Əgər hər hansı bir əlavə spekulyativ yollar, “qara bazara” xidmət edən hərəkətlər olduğu təqdirdə banklar bu əməliyyatların aparılmasından imtina edirlər və müvafiq qaydada məlumat təqdim edirlər. Bu qanunvericilik tələbləri birinci gün deyil ölkədə mövcuddur, əvvəllər də olub”.
Qeyd edək ki, banklardan qeyri-rəsmi şəkildə vətəndaşlara bildirilir ki, məhdudiyyətlər bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb, məqsəd ölkədə Dollar satışını minimuma endirməkdir. Göründüyü kimi, Mərkəzi bank bunu təkzib edir. (Marja)