Türk lirəsi Dollar qarşısında dəyərdən düşməkdə davam edir.
FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi 4.92 lirə səviyyəsini də görərək rekord yeniləyib. Lirə Dollar qarşısında gün ərzində təxminən 5% dəyərdən düşüb.
Kredit reytinqi agentliyi "Fitch Rating", Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağını açıqlayıb. Bu açıqlama Lirənin dəyərdən düşməsinə təkan verib.
Qlobal bazarlarda ABŞ Dolların bahalaşması və Türkiyədə seçki öncəsi siyasi qeyri-müəyyənlik də Türk Lirəsinin dəyərdən düşməsinə səbəb olur.
Prezident Ərdoğan yenidən dövlət başçısı seçilməsi halında pul siyasətinə təsir edəcəyini bildirmişdi.
Digər tərəfdən, "Reuters"ə danışan beynəlxalq kredit reytinqi agentliyi Standard and Poor's-ın (S&P) rəsmisi, TL-nin kəskin ucuzlaşmasının qarşısını almaq üçün hərəkətə keçilməsə,Türkiyənin maliyyə vəziyyətinin sürətlə pisləşdiyini qeyd edib.
Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" də Türkiyədəki makro trendlərin ölkənin kredit reytinqi üçün mənfi olduğunu bildirmişdi.