Azərbaycanda lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var.
AMB: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, əks halda özəl sektoru sahəyə cəlb eləmək çətin olacaq: "Bundan başqa, mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılmasına ehtiyac var. Həmçinin, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmalıdır. İstehlakçı hüquqlarının qorunması mexanizmlərinin gücləndirilməsinə ehtiyac var. Nəhayət, lizinq bazarının inkişafı üçün zəmanət fondları, riskin paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı burada da geniş tətbiq oluna bilər".
Deputat qeyd edib ki, Azərbaycanda özəl lizinq şirkətlərinin payı aşağıdır və bu istiqamətdə bazarda rəqabət mühiti arzuolunan səviyyədə deyil: "Ölkəmizdə lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki, beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Hazırda lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil. Xüsusilə kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklərindən şikayət eləyirlər. Lizinq müqavilələri üzrə məlumatlılığın artırılmasına ehtiyac var. Çünki sahibkarlar lizinqin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmalıdırlar". (Report)













