Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev dövlət xidmətlərinə görə rüsumla yanaşı əlavə haqqın alınmasını düzgün saymır.
Artıq ödənilmiş dövlət rüsumunu - DAHA TEZ QAYTARACAQLAR - QƏRAR
FED.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, rüsum göstərilən xidmətlərə görə haqdır.
“Biz burda rüsumu ayrı qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu, artıq kommersiya təşkilatıdır. Biz onda gərək onu vergilərə cəlb edək. Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Mülkiyyət toxunulmazlığını təmin etmək üçün qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiya yönümlü mühiti yaradıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin, büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması Konstitusiyaya ziddir", - deyə deputat bildirib.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov qanun layihəsini diqqətlə oxuduğunu bildirib: "Bunun Konstitusiyanın konkret hansı maddəsinin hansı hissəsinə uyğun gəlmədiyini qeyd etmədiniz. Burada dövlət xidmətlərinin göstərilməsi zamanı qanunla müəyyən edilmiş hallardan söhbət gedir. Əgər "Dövlət rüsumları haqqında" qanunla qəbul ediləcək bu qanun arasında hər hansı ziddiyyət olarsa, bir-birinə uyğunlaşdırılacaq. Hesab edirəm ki, Konstitusiyaya zidd deyil”. (Apa)












