“Deloitte Azərbaycan" iki yeni partnyor təyinatını elan edib.
FED.az xəbər verir ki, şirkətin yaydığı açıqlamada bildirilir ki, Nərmin Aslanova Vergi və Hüquq Departamentində, Tural Hacıyev isə Risklərin İdarə edilməsi Departamentində partnyor statusu alıb.
Qeyd edilib ki, Nərmin Aslanova Deloitte Azərbaycan-da ilk qadın partnyordur.
O, 15 ildən artıqdır ki, Deloitte-da çalışır, müxtəlif vergi məsələləri ilə bağlı yerli və transmilli şirkətlərə məsləhətin verilməsi ilə bağlı geniş təcrübəyə malikdir. Eyni zamanda onun bir sıra iri və mürəkkəb korporativ vergiqoyma məsləhəti layihələrinin idarə olunması və rəhbərliyi üzrə təcrübəsi vardır.
Nərmin, həmçinin Deloitte Azərbaycan-ın transfer qiymətqoyma üzrə xidmət xəttinə rəhbərlik edir. O, mütəmadi olaraq, vergi yoxlamaları zamanı müştərilərini təmsil edir. Hazırda Azərbaycandakı Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin Sədridir.
Tural Hacıyev "Deloitte Azərbaycan"da Risklərin İdarə edilməsi Departamentinə rəhbərlik edir.
O, risklərin idarə edilməsi funksiyalarının strateji transformasiyası, daxili nəzarət mexanizmlərinin tətbiqi, biznes proseslərin yenidən qurulması, sistem seçimi və tətbiqi, korporativ idarəetmə, habelə dayanıqlı inkişafla bağlı məsləhət və daxili audit xidmətlərinin göstərilməsi üzrə 20 ildən artıq təcrübəyə malikdir.
Tural iri dövlət müəssisələri və özəl şirkətlər, holdinqlər, maliyyə, telekommunikasiya, FMCG və neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərdə bir çox layihələrə rəhbərlik etmişdir. O, bir sıra peşəkar assosiasiyaların üzvüdür. Tural beynəlxalq tədbir və seminarlarda tez-tez məruzəçi kimi çıxış edir.
Sözügedən vəzifə artımlarını şərh edərkən "Deloitte Azərbaycan"ın İdarəedici Partnyoru Nuran Kərimov bildirib: “Bu vəzifə artımları Deloitte-un Azərbaycan bazarında göstərdiyi 20 illik səylərinin nəticəsini əks etdirir və şirkətin gələcəyinə olan böyük inamımızın bariz nümunəsidir. Bu, həmçinin illər ərzində həyata keçirdiyimiz uğurlu kadr siyasətinin əsas dəyərlərini nümayiş etdirir.
Yeni partnyorlarımız Azərbaycandakı müştərilərimizə mürəkkəb və çoxşaxəli məsələlərdə yeni həllər gətirəcəkdir”.