Azərbaycanda cinayət işlərinin istintaqı zamanı büdcəyə ödənilən vəsaitdən polisə ayrılan hissənin xərclənməsinə nəzarət başlayır.
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydasını təsdiqləyib.
Bu sənəd Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən büdcədənkənar vəsaitdən istifadə qaydasını müəyyən edir.
Söhbət polis tərəfindən istintaq aparıldığı cinayət işləri üzrə zərərin ödənilməsi üçün ödənilən və məsuliyyətdən azad edilməsi üçün dövlət büdcəsinə ödənilən vəsaitin polisə ayrılan hissəsindən gedir.
Xatırladaq ki, «Polis haqqında» qanuna (Maddə 39. Polisin fəaliyyətinin maliyyələşdirilməsi) görə, polis tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi, eləcə də Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizindən gedir.
Nazirlər Kabinetinin indiki qərarı həmin 5%-lərin necə xərclənməsisini müəyyən edir. Beləliklə, yeni qaydaya görə, bu vəsaitlərin toplanması üçün Maliyyə Nazirliyində DİN üçün xüususi xəzinə hesabı açılır. Bura toplanan vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Qanuna, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir. Pulların köçürülməsinə Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi birlikdə nəzarət edəcəklər.
Eyni zamanda qaydaya görə, Daxili İşlər Nazirliyi bu vəsaitdən istifadə ilə bağlı Maliyyə Nazirliyinə hesabat verəcək.
Maliyyə Nazirliyi hər ay üçün pulu növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək DİN-in xüsusi xəzinə hesabına köçürməlidir.
Bu vəsaitlər 2 istiqamətə, yəni təkcə polisin sosial müdafiəsinə deyil, maddi texniki bazanın yaradılmasına və ezamiyyətlərə də sərf ediləcək. Vəsaitin 50%-i polislərə, 50% isə maddi texniki bazaya xərclənəcək.
Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi: polis əməkdaşlarının mükafatlandırılmasına; polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə; polis əməkdaşlarına maddi yardım göstərilməsinə xərclənə bilər.
Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə isə vəsaitlər: malların (işlərin və xidmətlərin) alınmasına; inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların təmirinə; beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə; maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə xərclənəcək.
Polislərə veriləcək mükafat, maddi yardım və əlavələrin məbləğini daxili işlər naziri müəyyən edir. Bundan başqa, yeni qaydalara görə, aylıq vəzifə maaşına əlavə və mükafat hesablananda əməkdaşın əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu, sərəncamda olduğu, vəzifədən kənarlaşdırıldığı, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq digər ödənişsiz məzuniyyətdə olduğu günlər üçün pul hesablanmayacaq.
Digər tərəfdən, yeni qaydaya əsasən polis əməkdaşlarına ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulacaq. Bu ödənişlər Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara uyğun hesablanacaq.










