Ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri 19-21 oktyabr tarixlərində Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisindən əldə olunan gəlirin bir qismini - 20323,16 manatı işğaldan azad olunan ərazilərin bərpasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Eləcə də bax: Qarabağ Dirçəliş Fondunun fəaliyyəti, vəziyyəti və planları açıqlandı - MÜSAHİBƏ
Xatırladaq ki, ötən il 20-22 oktyabr tarixlərində ilk dəfə təşkil olunan sərgidən əldə olunan gəlirin 12620 manatı da adıçəkilən şirkətlər tərəfindən Fonda ianə edilib.
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən artıq ikinci ildir ki, təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisinin Qarabağın bərpasına və inkişafına verdiyi töhfə olduqca böyükdür.
Müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi bir növ ünsiyyət platforması rolunu oynamaqla yanaşı, yeni əməkdaşlıqların qurulmasında da mühüm əhəmiyyətə malikdir.
Sərgi Qarabağın bərpa və quruculuğu istiqamətində görülən işlər, eyni zamanda erməni işğalı nəticəsində işğaldan azad olunan ərazilərimizə dəyən zərər haqqında daha geniş kütləyə çatdırmaq üçün də önəmli platformadır.
Qarabağ Dirçəliş Fondu Qarabağın bərpasına həsr olunan hər iki sərgidə uğurla iştirak edib və növbəti illərdə də sözügedən sərginin iştirakçıları sırasında yer alacaq.
Qeyd edək ki, Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib. Bu həmrəyliyin birbaşa təzahürüdür.
Qarabağ Dirçəliş Fondu bu mühüm təşəbbüsə görə “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.
Xatırladaq ki, 8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb.
Memorandumu CEO-nun direktoru Fərid Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandum çərçivəsində hər iki qurum arasında artıq bir sıra layihələr, təşəbbüslər uğurla icra olunub.