Türkiyənin ucuz uçuşlar həyata keçirən «Pegasus Hava Yolları» şirkəti 2018-ci ili 507 milyon lirə və ya 93,9 milyon dollar xalis mənfəətlə başa vurub. FED.az xəbər verir ki, ötən il sərnişin sayın 8% artıraraq 30 milyon çatdıran şirkətin illik dövriyyəsi də 55% yüksələrək 8,3 milyard lirəni (1,54 milyard dolları) keçib.
«Pegasus» açıqlayıb ki, ötən il ölkə daxilində 17,7 milyon, xarici istiqamətlərdə isə 12,3 milyon olmaqla, ümumilikdə 30 milyon sərnişin daşıyıb. Şirkətin daxili sərnişirləri 5% artdığı halda, xarici xətlərdə uçanları 12% yüksəlib.
Eləcə də bax:Gəncədən Naxçıvana təyyarə uçacaq
Şirkətin baş müdiri Mehmet Nane qeyd edib ki, ötən il neftin qiymətləri artsa da, «Pegasus» gəlirlərini yüksək səviyyədə saxlamağı bacarıb.
2019-cu il üzrə proqonozlara gəlincə, «Pegasus»da bildirirlər ki, turizmin ötən il başlayan artımı bu il də davam edəcək və şirkət daha çox sərnişin daşımaq niyyətindədir. Bu məqsədlə şirkət «Airbus»dan 11 yeni təyyarə almaq niyyətindədir. Bundan başqa, şirkət rəqəmsallaşmaya böyük önəm verir və bildirir ki, «Pegasus»un müştəri sayının artmasında rəqəmsallaşmanın böyük payı var. Məhz buna görə, şirkət müştərilərlə internet və mobil əlavələr üzərindən əlaqələrə ciddi diqqət yetirəcək, eyni zamanda hava limanları və təyyarələrdə də rəqəmsal xidmətlər başlanacaq.
Eləcə də bax: Ucuz taksi xidmətləri bahalaşa bilər – QƏRARA ŞƏRH
Bu yeniliklərə Sabiha Gökçen Hava limanında tətbiq edilən və müştərilərin öz yüklərini sürətli təhvil verməsinə imkan yaradan «Ekspres Bagaj» və səyahəti sadələşdirəcək «Seyahat Asistanı Programı»nı misal göstərmək olar.