Dövlət büdcəsinin əlavə gəirlərini ARDNF-dən transfertlərdən asılılığı azaltmaq üsulu kimi istifadə etmək mümkündür. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov belə hesab edir.
Eləcə də bax: "SOCAR"ın rəhbəri şirkətin Rumıniyadakı fəaliyyətindən danışıb
“Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə əlavə daxilolmalar, həmçinin sosial ödənişlərin idarə olunmasının təkmilləşdirilməsi hesabına formalaşan gəlirlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib və bu çox ciddi addımdır. Lakin bu vəsaiti ARDNF-dən dövlət büdcəsinə transfertlərin azalması üçün istifadə etmək olardı”, - Gülməmmədov cümə günü parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında bildirib.
Onun rəyinə görə, “bu, büdcənin ARDNF-dən transfertlərdən asılılığını azaltmağa və dövlət büdcəsi strukturunu təkmilləşdirməyə şərait yarada bilər”.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 8 mlrd. 999,3 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 9,1%) təşkil edib.
Xəbər verildiyi kimi, cari il ARDNF-dən dövlət büdcəsinə transfertlər 11 mlrd. 364,3 mln. manat və ya bütün büdcə gəlirlərinin 49,6%-ni təşkil edəcək.
Azərbaycan hökuməti 2020-2022-ci illərdə ARDNF-dən dövlət büdcəsinə transfertləri tədricən azaltmağı planlaşdırır.
2020-ci ildə ARDNF-dən transfertlər 10 mlrd. 858 mln. manat və ya bütün büdcə gəlirlərinin 47,5%-i səviyyəsində proqnozlaşdırılır.
2021-ci ildə Neft Fondundan transfertlər 10 mlrd. 496 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,4%-i səviyyəsində proqnozlaşdırılır.
2022-ci ildə ARDNF-dən transfertlər 10,4 mlrd. manat və ya bütün büdcə gəlirlərinin 44,7%-i səviyyəsində planlaşdırılır.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.