Xəbər verildiyi kimi, Azərbaycan hökuməti pandemiya səbəbindən 2020-ci ilin dövlət büdcəsinə yenidən baxmağı qərara alıb.
Eləcə də bax: Prezidentin ehtiyat fondu - ARTIRILIR
FED.az xatırladır ki, dəyişikliyən səbəbi büdcənin gəlirlərinin azalması və bəzi sahələrdə əlavə xərclərə ehtiyac yaranmasıdır. Nəticədə hökumət Dövlət Neft Fondundan əlavə vəsait götürməklə problemi həll etmək niyyətindədir.
Dəyişiklik səbəbindən bəzi sahələrin xərcləri artırılacaq.
Hökumətdən FED.az-a bildirilibki, əlavə xərclər ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, əhalinin həssas qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsi, səhiyyə sahəsində ortaya çıxan əlavə tələbatların ödənilməsi üçün lazımdır. Hesablamalar göstərib ki, pandemiyanın təsirləri də nəzərə alınmaqla, ümumilikdə əlavə 1 371,5 milyon manata ehtiyac var. Bu pullar aşağıdakı kimi bölüşdürüləcək.
- 465 milyon manat - ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait;
- 369 milyon manat - səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün ayrılacaq. Bu pullar koronavirusa görə həkimlərə əlavələrin verilməsinə, zəruri tibb ləvazimat və avadanlıqlarının alınmasına, karantində olan şəxslərə xidmətə, koronaviruslu xəstələrin müalicə edildiyi Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına xərclənəcək.
- 238 milyon manat - pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə xərclənəcək.
- 136,6 milyon manat - pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsinə sərf ediləcək.
- 100 milyon manat - pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün ayrılacaq.
- 37,3 milyon manat – bu il bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və boş vəzifələrin tutulmasına xərclənəcək. Söhbət Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Daxili Qoşunların Baş İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.-dən gedir.
- 9,1 milyon manat - bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün ayrılacaq.
- 7 milyon manat – «ASAN xidmət» üzrə elektron hökümətin tətbiqinin maliyyə təminatı üçün sərf ediləcək.
- 2,8 milyon manat - pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan vətəndaşlarının sərhəddəki səyyar düşərgələrdə karantindən keçmələri üçün ayrılacaq;
- 6,7 milyon manat - biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Bütün bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri
27 492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz artıqdır.