Azərbaycan hökuməti 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edəcək.
FED.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edib.
Dövlət büdcəsi 3 milyard manat artırılır, hökumət bu artımı neftin dünyadakı yüksək qiymətlərinə arxayın olaraq edir.
Belə ki, 2024-cü ilin dövlət büdcəsinin ilkin variantında neftin 1 barelinin qiyməti 60 dollar götürülmüşdü.
Maliyyə Nazirliyinin açıqladığı məlumata görə isə, 2024-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 dollara bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 dollar çoxdur.
İndi isə neftin büdcə qiyməti dəyişdirilir. İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilmiş, neftin bir barrelinin orta illik ixrac qiyməti 60 dollardan 75 dollara qaldırılıb. Daha dəqiqi ilin ilk 4 ayında neftin faktiki satış qiyməti götürülüb, qalan aylar üçün isə neftin qiyməti 70 dollar nəzərdə tutulub.