2018-ci ildən etibarən Azərbaycanın büdcə təşkilatlarında kommunal xidmətlərə görə, limitlər tətbiq ediləcək. FED.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə prezident İlham Əliyevin fərmanında nəzərdə tutulub.
Fərmanda Maliyə Nazirliyinə tapşırılır ki, büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.
Nazirliyə o da tapşırılıb ki, “Büdcə sistemi haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan xərc maddələri istisna olmaqla, 2018-ci il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən, kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqları, ilk növbədə, (o cümlədən müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilsin.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” Qanunun 7-ci maddəsindəki xərclər bunlardır:
- əmək haqqı;
- əmək haqqına üstəlik;
- pensiya, başqa sosial müavinətlər və ödənişlər;
- dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;
- hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.
Büdcə təşkilatları üçün yeni limitlər gəlir – FƏRMAN
09:34
26 Dek 2017