“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin - ƏLEYHİNƏ ÇIXIB
FED.az xəbər verir ki, sənəd layihəsi parlamentin oktyabrın 17-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Bu dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.
Dəyişikliyə əsasən, vergi daxilolmalarında xüsusi çəkisi yüksək olan, məşğul olduqları fəaliyyət sahələri dövlət üçün strateji əhəmiyyət kəsb edən iri və orta sahibkarlıq subyektlərinin, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin mühasibat uçotunun elektron qaydada aparılması təklif olunur.