“Məlum olduğu kimi, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcək. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub. Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib”.
"Naxçıvanda bəzi nöqsanlar hüquqi bazanın təkmil olmamasından irəli gəlir"
FED.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, qüvvədə olan qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə, təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı: “Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun tələbləri əsasında aparılacaq. Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.
V.Gülməmmədov vurğulayıb ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: “Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir.
Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik”.