Zimbabvedə sürətlə artan inflyasiyanın qarşısını almaq üçün qızıl pulların dövriyyəyə buraxılması planlaşdırılır.
FED.az xəbər verir ki, Zimbabve Mərkəzi Bankı bu barədə elan edib.
Mərkəzi bank ölkədə sürətli qiymət artımını dayandırmaq üçün başqa yol görməyib, belə ki, təkcə iyunda qiymətlər 191% artıb.
«Qızıl sikkələri həm yerli valyutada, həm də ABŞ doları və başqa valyutaları ödəməklə almaq mümkün olacaq. Sikkələrin qiyməti qızılın dünya bazarındakı qiymətindən və istehsalın maya dəyərindən asılı olaraq dəyişəcək» - deyə Mərkəzi Bankın sədri Con Manqudya bildirib.
Mərkəzi Bank elan edib ki, Zimbabvedə buraxılan qızıl sikkələri həm ölkə daxilində, həm də xaricində alıb-satmaq mümkün olacaq.
Qeyd edək ki, Zimbabve artıq bir dəfə 2009-cu ildə hiperinflyasiya yaşayıb. Həmin vaxt 100 trilyon Zimbabve dollarlıq pullar buraxılsa da, inflyasiyanın qarşısını almaq mümkün olmamışdı. Nəticədə ölkə öz valyutasından imtina edib ABŞ dollarına keçməli olmuşdu.