Sudan hökuməti borclarını restrukturizasiya etmək üçün ölkədə dolların rəsmi məzənnəsini «qara bazar»dakı həddə qədər qaldırmalı olub.
FED.az xəbəp verir ki, bununla da ölkədə kəskin devalvasiya baş verib.
Sudan Mərkəzi Bankının qərarı ilə bazar günü ölkədə dolların rəsmi məzənnəsi qara bazardakı həddə çatdırılıb. Bu addım ölkəyə kredit ayıracaq Beynəlxalq Valyuta Fondunun tələbi ilə atılıb. Məqsəd ölkədə mal qıtlığını aradan qaldırmaq və inflyasiyanın qarşısını almaq idi, hökumət bir ay gecikdirsə də, sonda bu tələbə əməl etməli olub.
Nəticədə indiyədək ölkədə 1 ABŞ dollarının rəsmi məzənnəsi 55 Sudan funtu olduğu halda,bu məzənnə 7 dəfə artırılaraq 1 ABŞ dolları 375 funta qaldırılıb. Qeyd edək ki, qara bazarda 1 ABŞ dollarının məzənnəsi 350-400 funt arasında dəyişirdi.
Mərkəz Bankın banklara göndərdiyi qeyddə bildirilir ki, banklar dolları bu məzənnədən 5 faiz aşağı və ya yuxarı qiymətə alıb sata bilərlər.
Sudan Mərkəzi Bankının sədri Muhammed el-Fatih Zeynelabidin bildirib ki, dolların məzənnəsinin dəyişməsi üzən məzənnəyə keçid deyil, amma bundan sonra siyasət fərqli olacaq. Amma bir sıra ekspertlər bildirir ki, Sudandakı devalvasiya inflyasiyanın qarşısını almayacaq, çünki indiyədək də bütün əməliyyatlar qara bazardakı kursla aparılırdı.
Xatırladaq ki, Sudanın 60 milyard dollar xarici borcu var və BVF bu borcu restrukturizasia etmək üçün ölkə qarşısında belə tələblər qoyur.