2024-cü ilin ilk altı ayı üzrə dövlət büdcəsinin daxilolmalarının 53,3 faizini qeyri-neft/qaz sektoru üzrə daxilolmalar təşkil etməklə 10 milyard 045,2 milyon manat olub.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu da proqnozla müqayisədə 1 milyard 581,4 milyon manat və ya 18,7 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 214,1 milyon manat və ya 13,7 faiz çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,5 faizini və ya 5875,1 milyon manatını vergi daxilolmaları, 32,4 faizini və ya 3252,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,4 faizini və ya 241,5 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 2,4 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 4,1 faizini və ya 408,6 milyon manatını digər gəlirlər, 0,2 faizini və ya 17,8 milyon manatını isə dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Cari ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023- cü ilin müvafiq dövrü ilə müqayisədə 2148,9 milyon manat və ya 32,3 faiz çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizini və ya 2407,2 milyon manatını vergi daxilolmaları, 72,6 faizini və ya 6 milyard 390,5 milyon manatını isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,5 faizini və 1167,0 milyon manatını Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,6 faizini və ya 833,3 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizini və ya 406,9 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təşkil edir.