Cari il ilk dəfə olaraq Cənub Qaz Dəhlizi (CQD) QSC-nin dövlətə məxsus səhmləri üzrə dividendləri (233,1 mln ABŞ dolları və ya 396,2 mln manat) Dövlət Neft Fonduna (ARDNF) ödəniləcək.
Neft Fondunun aktivləri 60 milyard dolları keçib
FED.az xəbər verir ki, bu Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Qeyd edilib ki, eyni zamanda “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsi üzrə isə dividend ödənişlərinin 2026-ci ildən etibarən icra edilməsi nəzərdə tutulub.
Məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli Sərəncamının 1.1. bəndinin icrasına uyğun olaraq səhmlərinin 51 faizi dövlət mülkiyyətidə, 49 faizi isə ARDNŞ-ə məxsus CQD QSC yaradılmış, Sərəncamın 4-cü bəndinə əsasən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.
Eyni zamanda, “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 04 fevral 2013-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən təmin edilmişdir. Həmin Sərəncama əsasən səhmlərinin 40% dövlət mülkiyyətində olan Səhmdar Cəmiyyəti təsis edilmiş və Sərəncamın 3- cü bəndinə uyğun olaraq həmin səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi, həmin səhmlər üzrə dividentlərin ARDNF-yə köçürülməsi müəyyən edilib.