Rusiya rublu ABŞ-ın Vladimir Putinə münasibətdə siyasətində baş verən dramatik dəyişikliklər fonunda dollar qarşısında möhkəmlənməyə davam edir.
Rubl manata qarşı bahalaşmaqda davam edir - VALYUTA MƏZƏNNƏLƏRİ
FED.az xəbər verir ki, bunu Bloomberg yazıb. Bank of Russia məlumatlarına görə, rubl ilin əvvəlindən bəri ABŞ dollarına qarşı 13% bahalaşıb və inkişaf etməkdə olan bazarlar arasında ən güclü valyuta olub. Mərkəzi Bank cümə günü üçün rəsmi məzənnəni 88,51 rubl səviyyəsində müəyyən edib ki, bu da avqustdan bəri ən yüksək göstəricidir.
"Danışıqların uğurlu başlaması və Trampın güclü açıqlamaları bazarın müsbət gözləntilərini qoruyub saxlamasına imkan yaradır", – deyə Promsvyazbank PJSC analitiki Denis Popov bildirib. Onun sözlərinə görə, qısamüddətli və ya ortamüddətli perspektivdə rublun daha da möhkəmlənmə ehtimalı var.
Çərşənbə axşamı ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynadakı müharibəni bitirmək və daha geniş əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçiriblər. Bu, ABŞ Prezidenti Donald Trampın gərginləşmiş münasibətləri bərpa etmək niyyətini nümayiş etdirib.
Çərşənbə günü Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiqi artıraraq, "tez hərəkət etməsə, əlində ölkə qalmayacaq" ifadəsini işlədib.
Bununla belə, bəzi analitiklər rublun güclənməsinin uzunmüddətli olacağına şübhə ilə yanaşırlar. Bloomberg Economics-in hesablamalarına görə, Ukrayna ilə sülh danışıqlarında erkən bir irəliləyiş əldə olunmazsa, rublun bahalaşması dayana bilər.
"Əgər geosiyasi vəziyyət dəyişməzsə, neftin cari qiymətləri fonunda bizim hesablamalarımıza görə, rublun real məzənnəsi dollar qarşısında 100-dən yuxarı qalacaq", – deyə Renaissance Capital-ın tədqiqat bölməsinin rəhbəri Oleq Kuzmin bildirib.