Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkədə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
ARPA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident cənab İlham Əliyevin uğurlu iqtisadi islahatlar proqramının milli iqtisadiyyatın postneft dövründə də dayanıqlı inkişafa təminat yaratdığını vurğulayıb.
Nazir hökumətlə həmkarlar və işəgötürənlər təşkilatları arasında sosial tərəfdaşlığın xüsusi önəmini diqqətə çatdıraraq sosial tərəfdaşlarla, o cümlədən işəgötürənlər olaraq biznes strukturları ilə əməkdaşlığın daha da gücləndirilməsinin zəruri olduğunu bildirib.
Daha sonra S.Babayev aktiv məşğulluq tədbirlərinin təşkilində sahibkarların dəstəyini yüksək dəyərləndirib, əmək yarmarkalarının təşkili, vakansiyalar barədə məlumatların məşğulluq orqanlarına təqdim edilməsi və digər sahələrdə biznes qurumları ilə əməkdaşlığın daha səmərəli və məqsədyönlü qurulmasının vacibliyini diqqətə çatdırıb:
“Ümumilikdə məşğulluğun təminatında, inklüziv əmək bazarının inkişafında, qeyri-leqal məşğulluq hallarının leqallaşdırılmasında biznes qurumları ilə sosial tərəfdaşlıq müstəvisində birgə səylər artırılmalıdır”.
Biznes qurumlarının nümayəndələri sahibkarlığın dəstəklənməsi sahəsində aparılan uğurlu dövlət siyasətindən məmnunluq ifadə edib, sosial məsələlərin həllində hökumətlə əməkdaşlığı genişləndirmək əzmində olduqlarını diqqətə çatdırıblar.
Görüşdə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər qeyd edilib, biznes qurumlarının sualları cavablandırılıb. Qarşılıqlı məlumat mübadiləsi və biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasını qurumun icraçı direktoru Əli Bayramov təmsil edib.
Biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətləri müzakirə edilib
16:03
17 May 2018