Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini olduğundan daha aşağı səviyyədə qiymətləndirirlər.
FED.az biznes və mavliyyə xəbərləri portalı xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident bildirib ki, iki aparıcı reytinq şirkəti - «Moody’s» və «Fitch» Azərbaycanın kredit reytinqini yeniləyib. Bu reytinqlərdə Azərbaycanın reytinqi «investisiya» səviyyəsinə qaldırılıb, ölkə iqtisadiyyatının perspektivi ilə bağlı proqnoz isə «sabit»dən «müsbət»ə dəyişdirilib.
Amma prezident ölkənin investisiya reytinqinin əslində daha yüksək olması qənaətindədir:
«Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir. Çünki bizim böyük valyuta ehtiyatlarımız, aşağı xarici borcumuz və özünü təmin edən iqtisadiyyatımız var. Və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinq almaq imkanı verir».
Onun sözlərinə görə, hazırda Azərbaycanın müvafiq dövlət qurumları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Bu vəziyyət Azərbaycana daha sərfəli şərtlə kredit götürmək imkanı yaratmalıdır: «Bu (yəni kredit reytinqi – FED.az) təkcə prestij məsələsi deyil, bu həm də bizə, xüsusilə indi borc götürməyə qərar verdiyimiz dövrdə daha yaxşı şərtlərlə borc götürməyə imkan verər».









