Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının bir qisminin lisenziyası ləğv oluna bilər.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu addımı maliyyə sektorunun sağlamlaşdırılması, daha dəqiq desək, təmizlənməsi tədbirləri çərçivəsində ata bilər.
"Hazırda azı 10 BOKT, kredit ittifaqlarının isə təxminən yarısı faktiki fəaliyyət göstərmir. Onlar maliyyə hesabatlarını vaxtında və normal təqdim etmirlər, bəzi hallarda isə hesabat verməkdən yayınırlar. Həmin kredit təşkilatlarının bu ilin sonuna qədər bazardan kənarlaşdırılacağı istisna deyil", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 46 BOKT və 76 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir.