İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
FED.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi, tətbiq olunan güzəşt və stimullar barədə məlumat verib. Nazir müavini beynəlxalq maliyyə qurumları ilə, o cümlədən BVF ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə mütərəqqi təcrübənin və texnoloji yeniliklərin təşviqinə önəm verildiyini vurğulayıb.
Anna Bordon BVF ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib, tərəfdaşlığa dair fikirlərini bölüşüb.
Tərəflər ortamüddətli dövr üçün perspektivlər, energetika sektorunun inkişaf istiqamətləri, vergi siyasəti və inzibatçılığı sahəsində son islahatlar və növbəti dövrlər üzrə nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparıb.