"Azərbaycan uzun illərdir beynəlxalq maliyyə təsisatlarından asılılığını, demək olar, sıfra endirmişdir."
FED.az xəbər verir ki, bunu aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident "Mənim ilk prezidentliyim dövründə biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırdıq" deyərək çıxışına belə davam edib:
"Digər maliyyə təsisatlarına gəldikdə, biz ya portfelimizi bağlamışıq və ya buna çox yaxınıq. Bizim birbaşa xarici borcumuz, sadəcə, 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun 7 faizindən azdır. Bu, bizim maliyyə vəsaitlərinə ehtiyac duymadığımızı göstərir. Əksinə, maliyyə təsisatları müraciətlər edirlər ki, bizə kreditlər ayırsınlar. Biz hazırda bu istiqamətdə işləyirik, çünki portfelimizi tam sıfra endirmək istəmirik. Bizim əsas tərəfdaşlarımız sırasında Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır. Yəni, bu baxımdan burada əlavə edə biləcəyim bir şərh yoxdur, çünki bu mövzu mənim gündəliyimdə deyil. Bu, artıq həll olunmuş məsələdir".