“Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, cari ilin yanvar-mart dövründə Beynəlxalq Bankın cəmi gəlirləri 131 milyon 594 min manat olub.
Hesabata əsasən, bankın faiz gəliri 110 milyon 651 min manat, qeyri-faiz gəlirləri 20 milyon 943 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 75 milyon 491 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 64 milyon 404 min manatı gəlirə çevrildiyindən vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət 139 milyon 895 min manat təşkil edib. Bu mənfəət bankın cəmi gəlirlərindən çoxdur. Ehtiyatların bir hissəsinin azad olması, gecikmədə olan kredit portfelinin yaxşılaşdığına işarədir.
31.03.2018-ci il tarixində Beynəlxalq Bank 8 milyard 403 milyon manat cəmi aktivlərə, 7 milyard 307 milyon manat cəmi öhdəliklərə və 1 milyard 95 milyon manat cəmi kapitala malik olub.
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 1 milyard 784 milyon milyon manatdan 1 milyard 670 milyon manata geriləyib.
Bankın öhdəliklərinin azalmasının səbəbləri fiziki şəxslərin tələbli depozitlərinin, hüquqi şəxslərin tələbli depozitlərinin, fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin azalmasıdır.