Mərkəzi Bank tərəfindən 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.
AMB: Kredit kartları üzrə şərtlərin sərtləşməsi proqnozlaşdırılır
FED.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
Sorğunun nəticələrinə əsasən 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilmişdir. Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirmişlər. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən ümumi istehlak kreditlərinə tələb artmışdır. Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olmuşdur. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir etmişdir. Əvvəlki rüblə müqayisədə bankın mövcud və gözlənilən likvidlik mövqeyi sərtləşdirici faktor kimi daha az təsirə malik olmuşdur. Həmçinin cari ilin I rübündən fərqli olaraq II rübdə bankın mövcud və gözlənilən kapital mövqeyi ipoteka kredit standartlarına yumşaldıcı faktor kimi təsir etmişdir. Sorğuya əsasən digər banklarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir etmişdir.
2024-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: