Azərbaycan bankları məhkəmə qərarlarının icrası ilə bağlı icra haqlarına limit qoymağı təklif edirlər. Bu barədə FED.az-a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
Qeyd edək ki, hazırda məhkəmə qərarlarının icrası üzrə xidmət haqqı mübahisə edilən məbləğin 7% həcmindədir və bu xidmət haqqı limitsiz tətbiq edilir. Yəni mübahisə predmetinin məbləğindən asılı olmayaraq həmişə 7% xidmət haqqı tutulur. Nəticədə iri məbləğli mübahisələrdə icra haqqı böyük rəqəmlərlə ölçülür.
Eləcə də bax: Ötən il 5 milyard manat istehlak krediti verilib
Banklar bunu ədalətsizlik sayırlar. ABA-nın «İcra haqqında» qanuna verdiyi təkliflərdə icra haqqının məbləği ilə bağlı yuxarı həddin müəyyən edilməsi də nəzərdə tutulur: «Həm 5 milyon manatlıq, həm də 100 min manatlıq kreditlə bağlı məhkəmə qərarının icra haqqının eyni formada tutulması doğru deyil, Ona görə hesab edirik ki, bu məbləğlərə yenidən baxılması və yuxarı həddin müəyyən edilməsi lazımdır».
Qeyd edək ki, məhkəmə qərarlarının icrası ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi məşğul olur. Toplanan icra haqqı bu qurumun fəaliyyətinin maliyyələşdirilməsinə sərf edildiyinə görə, icra haqqı ilə bağlı istənilən təklif Baş İdarə üçün həssas məsələdir.