Bankların göstərdikləri bank xidmətlərinə görə elektron-qaimə verməkdən imtina etməsinə Vergilər Nazirliyi münasibət bildirib. FED.az xəbər verir ki, Nazirlik bankların qanunda olduğu kimi qaimə verməyə borclu olduqlarını vurğulayıb.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin direktoru Əvəz Quliyevin sözlərinə görə, bankların bu addımı qətiyyən düzgün deyil. Banklar da bank və maliyyə xidmətinə görə elektron-qaimə verməyə borcludurlar və onlar üçün hansısa istisna halı müəyyən edilməyib. Bununla bağlı əvvəllər də müzakirələr aparıldığını vurğulayan Ə.Qulyev qanunun tələbinin yerinə yetirilməli olduğunu bütün vergi ödəyicilərinin nəzərinə çatdırdıqlarını bildirilib.
Qeyd edək ki, qanunla banklar sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim etməlidirlər.
Xatırladaq ki, yanvarın 1-dən bütün ölkə üzrə vergi ödəyiciləri təqdim etdikləri mal, iş və xidmətə görə müştəriləri olan digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməyə borcludurlar. Eyni zamanda banklar da göstərdikləri maliyyə xidmətlərinə görə müştərilərə elektron-qaimə faktura verməlidirlər. Lakin sahibkarlar bank xərcləri ilə bağlı banklardan qaimə tələb edərkən onlara imtina olunub. Səbəb kimi banklar Azərbaycan Banklar Asosiasiyasının prezidenti Zakir Nuriyevin imzası ilə banklara ünvanlamış məktubu göstərirlər. ABA-nın 28.11.2017-ci il tarixli məktubuna istinadən müştərilərə bildirilir ki, elektron qaimə-faktura bank tərəfindən təqdim edilməməlidir. ABA prezidenti vurğulayıb ki, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması nəzərə alınsa elektron qaimə-fakturaların tərtib edilməsi praktiki olaraq mümkün deyildir. Belə ki, həmin xidmətlərin çeşidi xidmətlərin göstərilməsi tezliyi nəzərə alınsa, elektron qaimə-fakturaların hazırlanması üçün banklar əhəmiyyətli sayda əlavə işçi heyəti və resurslar cəlb etməlidir. Bankların yeni çağırışlarla üzləşdiyi indiki dövrdə bu, böyük xərclərin yaranmasına və göstərilən xidmətlərin maya dəyərinin yüksəlməsinə səbəb olacaq. Bankın müştərilərinə verdiyi elektron qaimə-faktura bu xidməti təqdim edən bankın gəlirinin onu ödəyən müştərinin isə xərcinin uçota alınması üçün vergi orqanlarında qeydə alınan bir vəsitədir. Onun nəticəsinin birbaşa müştərinin bankda açılan hesabından tutulması ilə nəticələndiyini, müştərinin hesabından bu əməliyyatların aparılması üçün gündəlik əsasda çıxarış verildiyini nəzərə alsaq maliyyə xidmətlərinə görə elektron-qaimə fakturaların banklar tərəfindən müştəriyə verilməsinə vergi orqanlarının əlavə ehtiyacı yoxdur.
Banklar elektron qaimə verməlidirlər: VERGİLƏR NAZİRLİYİNDƏN CAVAB
10:57
15 Yan 2018