Yanvarın 19-da Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Bank Standard" QSC-nin daşınmaz əmlakını təkrar açıq hərraca çıxarır.
FED.az xəbər verir ki, Fond 2021-c il dekabrın 22-də həmin daşınmaz əmlakı hərraca çıxarıb, lakin hərrac baş tutmamış hesab edilib.
“Təkrar hərrac "Bakı Hərrac Mərkəzi"ndə baş tutacaq. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 18A ünvanında yerləşən, ümumi sahəsi 9,241 kv.m olan qeyri-yaşayış sahəsi satışa çıxarılır. Obyektin ilkin satış qiyməti 29 milyon manatdır”, - Fonddan vurğulanıb.
1 oktyabr 2016-cı ildə "Bank Standard"ın lisenziyasının ləğv edilməsi haqqında qərar banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında Maliyyə Nazirliyi və Mərkəzi Bankla məsləhətləşməklə qəbul edilib.
Bankın problemləri keçmiş rəhbərliyin idarə edilməsində və investisiya-kredit siyasətində yol verdiyi nöqsanlarla əlaqədar olub.
Lisenziyası ləğv edildiyi zaman "Bank Standard" Azərbaycanın aparıcı bankların beşliyində yer alıb.