2017-ci ildə Azərbaycanın bank sektoruna 900 milyon manat həcmində kapital əlavə eilib. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»da bildirilir. Sənəddə deyilir ki, 2017-ci il ərzində bank sektorunda aparılmış islahatlar nəticəsində ümumilikdə 900,0 milyon manat məbləğində kapital inyeksiyası həyata keçirilib və sektor üzrə yetərli kapitallaşma təmin edilib.
Sənəddə deyilir ki, ötən il ərzində kommersiya banklarının xarici borcu 71,8 faiz 6 azalaraq, cəmi 900 milyon ABŞ dolları ekvivalentində olub. Öhdəliklər strukturunda bankların xarici borcunun payı da cəmi 6,5 faizə enib.
Bankların cəlb etdikləri depozitlərdə də dolların payı azalır - 2017-ci ildə xarici valyutada əmanətlərin cəmi əmanətlərdə payı 80 faizdən 68 faizə enib. De-dollarlaşma, həmçinin bankların kredit portfeli üzrə də qeydə alınıb. 2016-cı ildə xarici valyutada verilmiş kreditlər cəmi kreditlərin 48 faizini təşkil etdiyi halda, ötən il ərzində həmin göstərici 41 faizə enib.
Qeyd edək ki, oxşar proseslər 2018-ci ildə də davam edir. Banklar xüsusilə dollar əmanətlərinin şərtlərini əlverişsiz etməklə dollar depozitlərini azaltmağa çalışırlar. Hazırda dollar və manat əmanətlərinin faizləri arasında illik gəlirlilik fərqi 10%-dən artıqdır.