Bakı şəhərində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ən yüksək əmək haqqı mədən çıxarma sənayesi – neft-qaz sahəsindədir.
Bakı Şəhər Statistika İdarəsindən FED.az-a verilən məlumata görə, fevral ayının nəticələrinə əsasən, bu sahədə orta aylıq maaş 4137 manatdır. Ötən illə müqayisədə bu sahədə maaşlar təqribən 26% və ya 900 manat artıb.
Paytaxtda əmək haqqının yüksək olduğu ikinci sahə maliyyə sektorudur – orta hesabla ayda 1692 manat. Peşə elmi texniki fəaliyyət və rabitə-informasiya sektorunda maaşlar 1250 manat ətrafındadır.
Paytaxtda tikinti, nəqliyyat və dövlət qulluğu sahələrində də orta əmək haqqı 1000 manatdan yüksəkdir. Bakı şəhərində təhsil sahəsində orta maaş 710 manat, səhiyyə və sosial xidmətlər sahəsində isə 477 manat təşkil edir. Paytaxtda ən aşağı maaş olan sahələr isə kənd təsərrüfatı, meş əvə balıqçılıqdır – 449 manat.
Son bir ildə Bakıda orta maaş 20% artaraq 958 manat olub. Maaşların ən çox artdığı sahələr ticarət (64%), səhiyyə və sosial xidmətlər (70%), istirahət və əyləncə (53%) və dövlət idarəetməsidir (45%).
Maliyyə sahəsində maaşlar demək olar artmayıb, inzibati sektorda isə 30% azalıb.