Bakı Şopinq Festivalı (Baku Shopping Festival) noyabrın 25-dək uzadılıb.
FED.az xəbər verir ki, Azərbaycan Konqreslər Bürosunun məlumata görə, müddətin uzadılmasına səbəb sahibkarların ölkə rəhbərliyinə bununla bağlı müraciəti səbəb olub.
Noyabrın 25-dək davam edəcək Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb. İkinci Bakı Şopinq Festivalı xüsusi turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festival boyunca Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərəcək.
Budəfəki festivalda 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur.
Müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.
Festival müddətində müştərilər müxtəlif lotereyaların iştirakçısı olmaqla hədiyyə qazanmaq imkanı da əldə edəcəklər. Lotereyada iştirak üçün üzərində “Bakı Şopinq Festival” stikeri olan mağazalardan alış-veriş etmək, daha sonra hesab fakturalarını Bakı Şopinq Festivalının Məlumat Masasına təqdim etmək lazımdır. Festival zamanı 100-500 manat dəyərində alış-veriş edənlər bir bilet, 500 manat və daha çox məbləğdə alış-veriş edənlər isə iki bilet qazanacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.
İlk Bakı Şopinq Festivalı bu il aprelin 10–dan mayın 10-dək keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.