Hesablama Palatasının Kollegiya iclasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabat müzakirə edilərək təsdiq edilib.
FED.az xəbər verir ki, auditlə ümumilikdə 8600,0 min manat məbləğində vəsait əhatə edilib.
ELƏCƏ DƏ BAX: Pensiya təyinatında qanunsuzluq aşkarlandı
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti auditin əhatə etdiyi dövrdə qənaətbəxş olmayıb.
Müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilib. 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınıb və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmayıb, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməyib.
ELƏCƏ DƏ BAX: Xarici İşlər Nazirliyində maliyyə pozuntuları - AŞKAR EDİLDİ
Xərclər smetasında əsaslı təmir xərcləri nəzərdə tutulmadığı halda bu məqsədlə vəsait xərc edilmiş, 29 ədəd nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinib, avtoqəza və digər qəzalar zamanı işıq dirəklərinə dəymiş ziyana görə müxtəlif mənbələrdən ödənilmiş vəsait xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənib.
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli Qərarının tələbləri gözlənilməmiş, əməyin ödəniş dərəcəsi düzgün müəyyən edilməyərək artıq əmək haqqı xərcinə yol verilmiş, Elektrik Quraşdırma Sahəsi işçilərinin əmək haqqı təsərrüfatın öz gəlirləri hesabına deyil, dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
2017-ci ilin yanvar-aprel aylarında 14 halda dövlət satınalmaları tətbiq edilmədən müxtəlif icraçılardan birbaşa bağlanılmış müqavilələrə əsasən mal-materialların alışı həyata keçirilib, Müəssisə tərəfindən keçirilən satınalmalar zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən tender təklifinin təminatı alınmayıb, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin edilməyib, maliyyə hesabatlarının tərtibi və illik inventarizasiyaların vaxtında aparılması təmin edilməyib, 2017-ci ildə balansında olan işıq dirəklərinə avtomobil qəzası ilə dəymiş ziyana görə dəyərin təqsirkar şəxslərdən alışı təmin edilməyib və müəssisənin debitor borcuna daxil edilməyib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul edib.
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması, o cümlədən Müəssisənin Əsasnaməsi ilə fəaliyyəti arasındakı uyğunsuzluqların həll edilməsi, istismarı planlaşdırılan işıq nöqtələrinin dislokasiyasının tərtib olunması, təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan xərclərin büdcə vəsaiti hesabına ödənilməsi hallarına yol verilməməsi, həmçinin hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Qərarın surəti Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Baş Maliyyə İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə (Təqdimatla birlikdə) göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.