“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2019-cu ili 196 milyon 971 min manat xalis zərərlə başa vurub. Halbuki, stansiya 2018-ci ildən 12 milyon 8 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 269 milyon 29 min manat (əvvəlki ilə nisbətən 1,5% az), yanacaq xərcləri 200 milyon 42 min manat (8,5% az), köhnəlmə xərcəri 31 milyon 99 min manat (10,3% çox), təmir və texniki xidmət xərcləri 24 milyon 712 min manat (3,3 dəfə çox), işçi heyətinin saxlanılması xərcləri 7 milyon 35 min manat (40% çox), xammal və material xərcləri 6 milyon 326 min manat (4,3 dəfə çox), digər xərcləri 2 milyon 13 min manat (8,6% az), əmlak, tikili və avadanlıqlarının dəyərsizləşməsindən zərəri 199 milyon 37 min manat (əvvəlki il olmayıb), istismardan çıxarma üçün ehtiyatdakı dəyişiklikdən gəlirləri 12 milyon 13 min manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2 milyon 59 min manat (30,45% az), mənfəət vergisi ödəmələri 1 milyon 364 min manat (52,8% az), digər vergi ödəmələri isə 2 milyon 454 min manat (40,9% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 553 milyon 352 min manat olub ki, bu da illik müqayisədə 1,3% çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 8% artaraq 198 milyon 839 min manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 354 milyon 513 min manata düşüb.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon 108 min manatdır. (Report)