2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının əsas hissəsini təşkil edən xarici ticarət balansının profisitinin 2 676 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 6%-ni təşkil edəcəyi gözlənilir.
FED.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Qeyd edilir ki, xarici ticarət balansının profisiti 2022-ci ildə 3 531,1 mln. dollar (ÜDM-in 7,4%-i), 2023-cü ildə 4 400,4 mln. dollar (ÜDM-in 8,6%-i), 2024-cü ildə isə 4 636,1 mln. dollar (ÜDM-in 8,6%-i) olacağı proqnozlaşdırılır.
Faktiki göstəricilərə gəldikdə, bu ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, xarici ticarət balansının profisiti 2 343,6 mln. dollar və ya ÜDM-in 7,6%-ni təşkil edib.
Qeyd edək ki, "S&P Global Ratings" son proqnozunda bu il ölkənin xarici ticarət balansının profisitinin ÜDM-in 7,5%-ni, 2021-ci ildə isə 11,8%-ni təşkil edəcəyini göstərib. Növbəti 2 ildə artımın gözlənildiyini deyən agentlik, 2022-2023-cü illərdə bu göstəricinin müvafiq olaraq ÜDM-in 13,4%-nə və 15,3%-nə yüksələcəyi proqnozlaşdırır.(Apa)