2022-ci ilin birinci yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $10 milyard 330,9 milyon və ya ÜDM-in 27,6%-ni təşkil edib.
Eləcə də bax: Azərbaycandan ilk 6 ayda 5 milyard dollardan çox kapital - ÇIXARILIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 878,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında profisit 5,5 dəfə artıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, yanvar-iyun aylarında neft-qaz sektoru üzrə profisit $12,5 milyard (artım 2,7 dəfə), qeyri-neft sektoru üzrə kəsir $2,2 milyard (azalma 17,9%) təşkil edib.
2022-ci ilin birinci yarısında bir barel neftin orta qiyməti $101,2 (2021-ci ilin birinci yarısında $57,7) təşkil edib.
Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmi $24,8 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $13 milyard (artım 3,7 dəfə) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 9,9%-i MDB, 90,1%-i uzaq xarici ölkələrin payına düşüb.
$18,9 milyard həcmində ixracın (artım 2,3 dəfə) strukturunda neft-qaz ixracı $17,5 milyard (artım 2,4 dəfə), neft və neft məhsullarının ixrac həcmi $0,3 milyard, o cümlədən neft ixracı $10 milyard, qaz ixracı $7,2 milyard təşkil edib.
$5,9 milyard həcmində idxalın (artım 21,6%) strukturunda $2,6 milyard istehlak mallarının, o cümlədən $938,7 milyon ərzaq mallarının payına düşüb. Bu dövrdə ölkəyə $254 milyon dəyərində (bütün idxalın 4,3%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-nin 15,2%-ni təşkil edib. Profisit neftin qiymətinin daha yüksək olması ilə şərtlənib (2021-ci ildə bir barel neftin orta qiyməti $66,8, 2020-ci ildə $40,8 təşkil edib).
AMB 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-I səviyyəsində gözləyir. (İnterfaks-Azərbaycan)