Azərbaycanın regionlarında – Bakı və Abşeron bölgəsinə daxil olmayan ərazilərində əmək haqlarının orta məbləği Bakıdan iki dəfə aşağıdır.
Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı maaş olan – RAYONLAR/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Azərbaycanda maaşların ən çox və ən az artdığı – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
Bu FED.az-ın Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə əsasən apardığı hesablamadan məlum olub.
Komitənin açıqladığı rəsmi rəqəmlərə əsasən, 2020-ci ilin sonuna ölkədə 1 əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 691,8 min nəfər, onların orta aylıq əmək haqqı isə 707,3 manat təşkil edib. Bölgələr üzrə ən yüksək orta aylıq əmək haqqı Bakı şəhərindədir - 927,2 manat.
Bundan başqa, Sumqayıt şəhəri, Abşeron rayonu, o cümlədən Çırdalan şəhəri, eləcə də Xızı rayonunu əhatə edən Abşeron iqtisadi rayonunda orta aylıq əmək haqqı 584,3 manat təşkil edir. Bu göstərici də diər regionlardan yüksəkdir.
Belə ki, Sumqayıtda orta aylıq əməkhaqqı 625 manat, Abşeron rayonunda 531 manat, yalnız Xızıda 407 manat təşkil edir.
Maraqlıdır ki, Azərbaycanın Abşeron yarımadasından kənarda yalnız iki rayonunda əmək haqları Sumqayıtdan yuxarı və ya ona bərabərdir. Qızıl və metal yataqlarının işləndiyi Gədəbəydə orta aylıq əmək haqqı 672 manat, Daşkəsəndə isə 625 manatdır.
FED.az-ın apardığı hesablamalara görə, Bakı və Abşeron iqtisadi rayonunu çıxmaqla ölkənin digər ərazisində orta aylıq əmək haqqı 467,1 manat təşkil edir. Bu – Bakıdan iki dəfə aşağı göstəricidir.
Azərbaycanın bütün bölgələrində əmək haqlarının məbləği və artım azalması barədə məlumatlarla FED.az RENKİNQ bölməsində tanış olmaq mümkündür.