Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə yeni təyinat edilib.
Bank sektorundakı mənbələrdən FED.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan preizdenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası Kamil Qafar oğlu Heydərova həvalə edilib.
Qeyd edək ki, hələlik təyinat olmayıb və qurumun hazırkı sədri Anar Salmanov xaricdə - Avstraliyanın Sidney şəhərində xidməti ezamiyyətdədir.
Kamil Heydərov 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2008-2010-cu illərdə elə həmin universitetdə magistr dərəcəsi alıb. 2011-2012-ci illərdə isə “Durham Business School”-da ikinci magistr təhsilinə yiyələnib.
2008-2010-cu illərdə "AzərTürk Bank"da baş maliyyə məsləhətçisi vəzifəsində çalışıb. 2010-cu ildən indiyədək Azərbaycan Mərkəzi Bankında aparıcı iqtisadçı vəzifəsində fəaliyyət göstərir.
Qeyd edək ki, Xidmət daha öncə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində fəaliyyət göstərib. 2016-cı ilin aprel ayından 2018-ci ilin may ayına kimi Maliyyə Monitorinqi Xidmətinin direktoru vəzifəsini Anar Salmanov icra edib.
2018-ci ilin may ayının 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən Maliyyə Monitorinqi Xidməti yaradılıb. Xidmət yaradılandan bu günə qədər sədr vəzifəsinə təyinat edilməmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Mənbə: insider.az, FED.az
Azərbaycanın "maliyyə kəşfiyyatı"nda - YENİ TƏYİNAT
14:37
27 Sen 2018