Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 yanvar 2024-cü il tarixli 06/4 nömrəli Qərarı ilə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” (Qayda) təsdiq edilmiş və 14 fevral 2024-cü il tarixindən qüvvəyə minmişdir.
Azərbaycanda bankların investisiya xidməti göstərməsi qaydası - TƏSDİQ EDİLİB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindən innovativ xidmət və məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.
Qaydada xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət Mərkəzi Bank tərəfindən müəyyən olunmuşdur.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu dövrü Mərkəzi Bank tərəfindən 1 ay əvvəl Mərkəzi Bankın rəsmi internet səhifəsində elan ediləcəkdir.
Qəbul olunmuş Qayda ölkəmizin maliyyə bazarlarında xüsusi tənzimləmə rejimində innovativ xidmət və məhsulların təqdim edilməsinə, bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.
Yeni tələblər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/56351